PREZİDENT İLHAM ƏLİYEV DİPLOMATİYA DƏRSİNİ TƏKCƏ PAŞİNYANA VERMƏDİ ! - 27.05.2023

     Mən, beynəlxalq və regional siyasi konyukturanı Prezident İlham Əliyev qədər mükəmməl bilən başqa bir siyasi Lider tanımıram.
Prezident İlham Əliyev 2023-cü il may ayının 25-də Moskva şəhərində keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında çox dəyərli çıxış etdi. Onun bu tədbirdə qonaq qismində iştirak etməsi və Qarabağ məsələsinin tam sona çatması üçün həllini gözləyən son bir neçə məsələyə dair inandırıcı formada mövqeyini bildirməsi də çox uğurlu alındı.
Prezident İlham Əliyev həm də Rusiyanın, Fransanın və İranın tam şəkildə üst - üstə düşən Qarabağla bağlı anti - Azərbaycan siyasətlərini də rədd edə bildi.
Onun bu çıxışı vaxtı ilə Soçi şəhərində Vladimir Putinlə görüşü zamanı söylədiyi : "Qarabağ problemi artıq tarixə qovuşmuş və öz həllini tapmışdır" fikirlərini necə də müdrikcəsinə tamamladı.
Ermənistan baş naziri Nikol Paşinyanın erməni ictimai rəyinə hesablanmış polemika açaraq yalan və iftira söyləyərək siyasi təxribata əl atmasına qarşı İlham Əliyev dərhal Paşinyana və digər iştirakçılara dərin məntiqli və tutarlı şərhi ilə diplomatiya dərsi vermiş oldu.
Ermənistan istisna olmaqla Azərbaycanın Avrasiya İqtisadi İnkişaf Birliyi üzvləri ilə sabit əməkdaşlıq əlaqələrinin 30 il ərzində uğurla inkişaf etməsini vurğuladı.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə öz aktuallığını qoruyan sülh gündəliyində ciddi imkanlar olduğunu söylədi. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31% artıb və 4,7 mld. ABŞ dolları təşkil etdiyini qeyd etdi. Bu ilin yanvar - aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38% artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9%-ə yaxın olub.
Prezident İlham Əliyev çıxışını davam etdirərək qeyd etdi ki, Azərbaycan Şərq - Qərb və Şimal - Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat - loqistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. 15 mln. ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modelləşdiriləcək və yük daşımaların həcmi 25 mln. tona çatacaq. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.
Strateji əhəmiyyət daşıyan Bakı - Tiflis - Qars dəmiryolu Avropaya, həmçinin Türkiyənin Aralıq Dənizi Limanlarına çıxışı təmin edir. Azərbaycan "Şimal -Cənub" nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır.
Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmiryolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir.
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq aeroportun 2 - si işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda son iki ildə tikilib.
Azad olunmuş Laçında tikilən 9 - cu beynəlxalq aeroport isə 2025 - ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava donanmasına malikdir.
Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub ki, bu da müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.
Təxminən 4 ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca 2-ci beynəlxalq təsisatdır.
Azərbaycan iqtisadiyyatı özü - özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50% - dən 5%-ə enib. Xarici borc ÜDM - in 9% - dən aşağı səviyyəsindədir və ildən - ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri - xammal sektorunda formalaşır.
Son 30 il ərzində Azərbaycan əhalisinin sayı 10 milyona qalxıb.
Azərbaycan dövlətinin Ermənistana qarşı hər hansı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.
"Dəhliz" sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminalogiya ilə tanış olan insanlar ona bugün Ermənistanın baş naziri kimi məna verməzdilər.
Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması önəmli etirafdır və sülh sazişinə nail olmaq üçün imkanlar yaradır.
Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın - Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət - buraxılış məntəqəsi qoyulub. Bu nəzarət - buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət - buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir.
Göstərilən tədbir ərəfəsində Prezident İlham Əliyev prezident Vladimir Putinlə görüşü zamanı həm müstəqil dövlətlər birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatının uğurla inkişaf etməsi qənaətinə gəldilər.
Təqdirə layiq haldır ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubiley tədbirləri ehtiram və yüksək hörmətlə həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirilib.
Ulu Öndər Heydər Əliyev və Rusiyanın prezidenti Vladimir Vladimiroviç Rusiya və Azərbaycan arasında münasibətlərin hazırki səviyyəsinin əsasını qoymuşdular. Rusiya prezidentinin 2001- ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bugün artıq bu münasibətlər müttəfiqlik səviyyədədir.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynayır.
Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişini digər maddələrlə razılaşdırılması məsələsi daha asan olacaq deyərək çıxışını bitirən İlham Əliyev Azərbaycanın dünya üçün açıq olmasının, təkcə Azərbaycanın deyil, bütün regionun iqtisadi inkişafı üçün müəlliflik etdiyi böyük layihələrin həyata keçirilməsinin, sülh və demokratiya uğrunda yorulmadan həyata keçirdiyi siyasətin nə qədər cəlbedici olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

HƏP sədri Əli İnsanov.

26 may 2023 - cü il.